Azərbaycanda NETTY2022-in Milli İnternet-Mükafatı davam edir. Hazırda 100-dən artıq müxtəlif ərizələr təqdim edilib.
2022-ci ildə NETTY çərçivəsində saytlar, tətbiqlər və sosial səhifələr arasında resurslar aşağıdakı əsas nominasiyalar üzrə qiymətləndiriləcək:
1. Dövlət və Cəmiyyət
2. İqtisadiyyat və Biznes
3. Maliyyə və Banklar
4. Elm, Təhsil və İnnovasiya
5. Səhiyyə, İdman və Turizm
6. İnformasiya və Xəbərlər
7. Mədəniyyət, İncəsənət və Yaradıcılıq.
Müsabiqə iştirakçılarının ərizə qəbulu, virtual Münsiflər Heyətinin və Ekspert Şurasının formalaşması noyabrın 30-dək www.netty.az saytında davam edəcək.
Ərizələrin qeydiyyatı ödənişlidir. Yalnız təşkilat komitəsi tərəfindən təsdiqlənmiş ərizələr üçün ödəniş linki göndəriləcək və ərizəçilər iştirak etməyə davam edəcəklər.
Dekabrın 1-dən 7-dək namizədlərin siyahısını formalaşdırmaqla Ekspert Şurasının və Virtual Münsiflər Heyətinin səsverməsi keçirilir. Dekabrın 8-də NETTY Akademiyası namizədlər arasından qalibləri müəyyən etmək üçün səsverməyə başlayacaq.
İştirakçıların qiymətləndirilməsi üç meyar üzrə aparılır: ideya, məzmun, icra.
NETTY2022-nin qalibləri mükafatlandırma mərasimində rəsmi olaraq elan edilir. Müsabiqənin bütün nominantları tədbirə dəvətlidirlər. Tədbir zamanı müsabiqənin nominantları və qalibləri diplomları və rəsmi NETTY mükafatını, həmçinin müsabiqənin tərəfdaşlarından hədiyyələri əldə edirlər. KİV-in və internet-auditoriyaların diqqəti təmin olunur.
Səsvermə başlanana qədər müsabiqənin bir hissəsi olmaq üçün bir neçə imkan yaradılır: iştirakçı olmaq, virtual münsiflər heyətinin üzvü, müsabiqənin eksperti.
“İştirakçılar” - mükafatın saytında öz layihələrini, proqramlarını, veb-resurslarını, sosial şəbəkələrdə səhifələrini qeydiyyatdan keçirmiş istifadəçilərdir, “Virtual münsiflər heyəti” internet istifadəçilərindən formalaşır. Sosial şəbəkələrdən istifadə edərək mükafatın saytında qeydiyyatdan keçmiş istifadəçilər münsiflər heyətinin üzvü ola və müsabiqəyə namizədlərin seçilməsində iştirak edə bilərlər. Münsiflər heyəti “Virtual Münsiflər Heyətinin Seçimi” nominasiyasında iştirakçıların ümumi sayından üç namizəd seçir.
“Ekspert Şurası” müsabiqənin təşkilat komitəsinin şəxsi dəvəti ilə formalaşdırılır və dizayn, proqramlaşdırma, marketinq, jurnalistika və s. sahələr üzrə mütəxəssislərdən ibarətdir. Ekspert şurası hər bir nominasiya üzrə və hər istiqamət üzrə üç namizəd seçir.
“NETTY Akademiyası” Azərbaycanın ictimai, dövlət və biznes strukturlarında çalışan nüfuzlu şəxslərlə təmsil olunur. Akademiya hər bir sahə üzrə mövcud nominasiyaların hər biri üzrə mükafatın yeganə qalibini müəyyən edir.
Bu ilin mükafatını dəstəkləyən tərəfdaşlarımız:
Baş tərəfdaş - NAR.
Mükafatın rəsmi tərəfdaşları: DELL, “Gulfstream Distribution LLC”, “SmartHost”, “Rasul Hasan Studio”, “Savalan Aspi Winery”, “Renley” şirkətləridir.
Ödəniş sistemi – “Epoint”.
Layihənin informasiya tərəfdaşları: Oxu.Az, Media.az, “Каспий” qəzeti, “Infocity” jurnalı.
Mükafatla əməkdaşlıq üçün info@netty.az ilə əlaqə saxlaya bilərsiniz.
NETTY Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.